İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant İsrail ordusunun blokada altındakı Qəzza zolağına qarşı quru əməliyyatının qaçılmaz olduğu mesajını verib.
Vətəninfo.az xəbər verir ki, Netanyahu Qəzza sərhədi yaxınlığında əsgərlərlə görüşüb.
Sosial media hesabında əsgərlərlə şəklini paylaşan Netanyahu mesajına “Biz hazırıq” ifadəsini əlavə edib.
İsrailin müdafiə naziri Qallant da Qəzza sərhədindəki əsgərlərə baş çəkib.
Burada İsrail əsgərlərinə müraciət edən Qalant “Qəzzanı indi uzaqdan görürsünüz. Tezliklə içəridən də görəcəksiniz” deyib.
Qalant Livan sərhədində Hizbullah ilə yaşanan gərginliyə də toxunaraq, “Hizbullah müharibəyə başlamaq istəyirsə, ilk növbədə Qəzza şəhərinin fotolarına baxmalıdır” deyə vurğulayıb.
Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.


























