İsrailin Müdafiə Nazirliyi gecə ərzində döyüş təyyarələri, helikopterlər və artilleriya ilə Qəzza zolağında HƏMAS və İslami Cihadın 500-dən çox hədəfinə zərbələr endirib. İdarənin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, 7 və ya 8 yerdə döyüşlər davam edir. “Həmas”ın hücumundan iki gün sonra İsraildə qurbanların sayı 700-ə çatıb, yüzə yaxın adam əsir götürülüb. Fələstinlilər arasında qurbanların sayı 400-ü ötüb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İsrailin cənuba dörd döyüş bölməsi göndərdiyi də qeyd edilir.
İsrail hərbi idarəsinin sözçüsü əlavə edib ki, “Həmas” yaraqlıları Qəzza zolağından İsrailə hücumu davam etdirirlər.
Qəzzadan 2 yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli həlak olub. Və oktyabrın 8-də, Reuters-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri tunellərə, məscidə və Həmas rəsmilərinin evlərinə zərbələr endirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, çoxu uşaq olmaqla 400-dən çox adam ölüb.
Qəzza zolağında davam edən döyüşlərlə yanaşı, oktyabrın 8-də İsrail qüvvələri və İranın dəstəklədiyi Livanda yerləşən “Hizbullah” qruplaşması bir-birini artilleriya və raketlərdən atəşə tutub. Və Misirin İsgəndəriyyə şəhərində, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, bir polis 2 israilli turisti və onların misirli bələdçisini güllələyib.
Oktyabrın 9-da neftin qiyməti hərbi əməliyyatlar səbəbindən artıb. Bir sıra beynəlxalq hava daşıyıcıları vəziyyətin tənzimlənməsini gözlədiklərini bildirərək Təl-Əvivə uçuşları dayandırıblar.


























