Misir Qəzza zolağı ilə sərhəddə Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında tanklar və digər zirehli texnikalar yerləşdirib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “The Times of Israel” yazır.
Qəzet Qəzza zolağı ilə sərhəddə onlarla zirehli texnikanın dayandığını əks etdirən fotolar dərc edib.
Qeyd olunur ki, zirehli texnikanın yerləşdirilməsi Misirin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində on minlərlə qaçqın axınından qorxması ilə bağlıdır. Məhz bu səbəbdən Misir indiyədək sərhədi bağlı saxlayıb və Qəzza zolağına yalnız humanitar yardım daşıyan yük maşınlarının daxil olmasına icazə verib.
The Times of Israel xatırladır ki, 1979-cu il sülh müqaviləsi Misirin Sinay yarımadasında saxlaya biləcəyi qüvvələrin sayını məhdudlaşdırır, lakin İsrail əvvəllər bölgədə islamçı üsyançılarla mübarizə aparmaq üçün onların artırılmasına icazə verib.
Misir son həftələrdə ilk dəfə olaraq noyabrın 1-də insanların keçidi üçün Rəfah keçid məntəqəsini açacaq və Qəzzadan olan 81 yaralını qəbul edəcək.


























