Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş mülki şəxsləri hədəf alan hücumun kimdən yaxud da kimə yönəldilirsə yönəldilsin, heç vaxt qəbul edilə bilməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Numan Kurtulmuş Çexiyanın paytaxtı Praqada keçirilən Krım Platformasının 2-ci Parlament Zirvə toplantısında Baş Assambleyada etdiyi çıxışda deyib.
N.Kurtulmuş Türkiyənin Ukraynanın yaşadığı bütün bu bəlalara qarşı əvvəldən Ukraynanın yanında olduğunu, Krımın ilhaqını ilk gündən rədd etdiyini və beynəlxalq arenada Krımın Ukraynanın bir parçası olduğunu təsdiqlədiyini bildirib.
Tək Krımın deyil, Rusiyanın ilhaq etdiyi digər torpaqların da beynəlxalq hüquq baxımından Ukraynanın bir hissəsi olduğunu bildirən Kurtulmuş onu da deyib ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi və ərazi bütövlüyünə dəstəyimiz tamdır və bundan sonra da davam edəcək.
Ukrayna torpaqlarında yaşanan müharibə və işğalın böyük dağıntılar və saysız-hesabsız ölümlər gətirdiyini deyən Kurtulmuş bu müharibələrin tez bir zamanda dayandırılmasının Türkiyənin əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Kurtulmuş İsrail-Fələstin münaqişəsinə də toxunaraq deyib:
“Mülki insanları hədəf alan hücum heç vaxt qəbul edilməz. Bu hücumların kim tərəfindən edildiyi yaxud kimə qarşı edildiyinin fərqi yoxdur”.
N.Kurtulmuş təxminən 5 min insanın öldüyü Qəzza bölgəsində atəşkəsin təcili olaraq təmin edilməsinin və bu bölgəyə xəstəxanalar başda olmaqla humanitar yardımların çatdırılmasının vacib olduğunu vurğulayıb:
“Türkiyə olaraq həm 1991-ci il sərhədlərində beynəlxalq sistem tərəfindən qəbul edilmiş Ukraynanın ərazi bütövlüyünü, həm də 1967-ci il sərhədlərində Fələstin Dövlətinin ərazi bütövlüyünü müdafiə edirik. İnanırıq ki, hər ikisi də birlikdə beynəlxalq ictimaiyyət tərəfindən müdafə olunmalıdır”.
Türkiyə Böyük Millət Məclisinin sədri N.Kurtulmuş onu da bəyan edib ki, Qəzzada humanitar böhranın qarşısını almaq üçün beynəlxalq sistemin təcili hərəkətə keçməsihumanitar məsələdir.


























